Orxan Əhmədov: Azərbaycan üçün ortaq OAZN stablecoin modeli daha məqsədəuyğun ola bilər
Qlobal maliyyə və texnologiya bazarında stablecoin-lərlə bağlı yeni yanaşmalar Azərbaycanda da müzakirələrə səbəb olub. Visa, Mastercard və digər böyük fintech şirkətlərinin birləşərək ortaq Open USD – OUSD stablecoin modeli üzərində işləməsi bu sahədə yeni trendin formalaşdığını göstərir.
Blockchain Azərbaycan üzvü və Bonpara şirkətinin təsisçisi Orxan Əhmədovun fikrincə, OUSD modelinin əsas fərqi ondan ibarətdir ki, şirkətlər tək bir emitentin buraxdığı stablecoin-dən asılı qalmaq əvəzinə, ortaq idarəetmə və ortaq iqtisadi maraq prinsipi ilə işləyən stablecoin infrastrukturu yaradırlar.
Əhmədov qeyd edir ki, stablecoin sadəcə “kripto pul” kimi yox, maliyyə institutları, ödəniş şirkətləri, fintechlər, platformalar və gələcəkdə süni intellekt agentləri üçün yeni hesablaşma qatı kimi dəyərləndirilməlidir.
Onun sözlərinə görə, yerli fintech şirkətləri və kripto cəmiyyətinin üzvləri ilə aparılan müzakirələrdə tez-tez belə fikir səslənir ki, yerli stablecoin-i yalnız Azərbaycan Mərkəzi Bankı buraxmalıdır və bu, AZN-nin kripto versiyası olmalıdır. Əsas arqument kimi kriptovalyuta ilə ödənişlərin məhdudlaşdırıla biləcəyi və yalnız dövlətin rəsmi tanıdığı stablecoin-in işlək ola biləcəyi göstərilir.
Lakin Əhmədov hesab edir ki, stablecoin anlayışı bundan daha genişdir. Onun fikrincə, stablecoin mütləq mərkəzi bankın buraxdığı rəqəmsal valyuta demək deyil. Əgər rəqəmsal valyuta birbaşa Mərkəzi Bank tərəfindən buraxılırsa, bu daha çox CBDC – yəni rəqəmsal manat modelinə yaxın olur.
Stablecoin isə tənzimlənən maliyyə qurumları tərəfindən 1:1 fiat təminatı ilə buraxıla, audit oluna, geri çevrilə və müxtəlif maliyyə sistemlərinə inteqrasiya edilə bilən rəqəmsal hesablaşma alətidir.
Əhmədov bildirir ki, qlobal stablecoin bazarına, oyunçularına və tətbiq sahələrinə baxdıqda bu alətin əsas dəyərinin sadəcə geniş əhali üçün “kripto ilə ödəniş” yaratmaq olmadığı görünür. Onun fikrincə, daha böyük istifadə sahəsi banklar, ödəniş təşkilatları, fintech platformalar, marketplace-lər, cross-border transferlər, tokenizasiya olunmuş aktivlər və süni intellekt agentləri arasında sürətli, şəffaf və proqramlaşdırıla bilən hesablaşmaların aparılmasıdır.
Azərbaycanda da bu ilin sonuna qədər “Kripto aktivlər haqqında” yeni qanunun qəbul olunacağı gözlənilir. Orxan Əhmədov hesab edir ki, Azərbaycanda qanun qəbul edildikdən sonra müxtəlif qurumların yerli stablecoin buraxmağa çalışması mümkündür. Lakin bazarın həcmi nəzərə alınarsa, hər lisenziyalı şirkətin ayrıca stablecoin yaratması həm iqtisadi, həm texniki, həm də tənzimləmə baxımından səmərəsiz ola bilər.
Onun sözlərinə görə, bu, bazarda parçalanma, likvidlik çatışmazlığı, istifadəçi çaşqınlığı və inteqrasiya xərclərinin artması ilə nəticələnə bilər.
Bu səbəbdən Əhmədov OUSD modelindən ilhamlanaraq Azərbaycan üçün ortaq OAZN (ad şərtidir) stablecoin modelinin yaradılmasını daha məntiqli yanaşma hesab edir.
Təklif olunan modeldə yerli bazar oyunçuları; banklar, fintech şirkətləri, ödəniş təşkilatları, kripto xidmət provayderləri və mümkün olduğu halda beynəlxalq payment rail tərəfdaşları vahid protokol ətrafında birləşə bilər.
Modelin sadə işləmə prinsipi belə təsəvvür olunur: əvvəlcə ortaq protokol hazırlanır, stablecoin-in istifadə sahələri, emissiya qaydaları, geri çevrilmə mexanizmi, ehtiyat tələbləri, audit standartları, KYC/AML şərtləri və texniki inteqrasiya qaydaları müəyyən edilir.
Daha sonra protokola qoşulmuş lisenziyalı maliyyə qurumu müəyyən məbləğdə AZN vəsaitini ayrılmış və nəzarət olunan bank hesabında saxlayır və həmin məbləğ qarşılığında dövriyyəyə eyni həcmdə OAZN buraxır.
Bu halda istifadəçi və ya tərəfdaş OAZN-i istənilən vaxt yenidən AZN-ə çevirə bilir. Beləliklə, stablecoin-in dəyəri real AZN ehtiyatı ilə təmin olunur və sistemin etibarlılığı təkcə texnologiyaya deyil, həm də tənzimləmə, audit və şəffaflıq mexanizmlərinə əsaslanır.
Əhmədovun fikrincə, nəticədə Azərbaycan bazarında ayrı-ayrı qurumların fərqli stablecoin-ləri əvəzinə, hamı tərəfindən tanınan, vahid standartla işləyən, tənzimlənən və interoperable yerli rəqəmsal manat infrastrukturu formalaşa bilər.
O, belə bir modelin əlavə faydalarının da olduğunu bildirir. İlk növbədə, bu yanaşma bazarda parçalanmanın qarşısını ala bilər. Hər şirkətin ayrıca token buraxması əvəzinə, bütün iştirakçılar eyni standart üzərindən işləyə bilər.
İkincisi, vahid OAZN modeli likvidliyi mərkəzləşdirə və istifadəçilər üçün alqı-satqı, transfer və geri çevrilmə proseslərini asanlaşdıra bilər.
Üçüncüsü, bu model tənzimləyici nəzarəti də sadələşdirə bilər. AMB və digər aidiyyəti qurumlar onlarla fərqli stablecoin modelini ayrıca izləmək əvəzinə, vahid protokol, vahid audit standartı və vahid risk çərçivəsi üzərindən nəzarət imkanı əldə edə bilər.
Əhmədovun sözlərinə görə, OAZN modeli fintech şirkətləri üçün də yeni məhsul imkanları yarada bilər. Marketplace ödənişləri, escrow xidmətləri, mikroödənişlər, abunəliklər, loyalty proqramları, creator economy, B2B hesablaşmalar və cross-border transferlər daha çevik şəkildə qurula bilər.
Bundan əlavə, belə bir stablecoin gələcəkdə süni intellekt agentləri üçün ödəniş infrastrukturu rolunu oynaya bilər. AI agentləri istifadəçi adından xidmət ala, abunəlik ödəyə, məlumat bazalarına çıxış əldə edə və mikrotransaksiyalar həyata keçirə bilər. Bunun üçün proqramlaşdırıla bilən, limitlənə bilən və izlənə bilən rəqəmsal ödəniş aləti vacibdir.
Əhmədov hesab edir ki, AZN təminatlı yerli stablecoin modeli Azərbaycan bazarını dollar əsaslı stablecoin-lərdən tam asılılıqdan da qismən azalda bilər. Bu halda insanlar və şirkətlər on-chain əməliyyatlar üçün yalnız USDT və USDC kimi dollar əsaslı stablecoin-lərə deyil, AZN təminatlı yerli alternativə də sahib ola bilərlər.
Onun fikrincə, OAZN modeli gələcək tokenizasiya bazarı üçün də baza rolunu oynaya bilər. Dövlət istiqrazları, korporativ istiqrazlar, hesab-fakturalar, loyalty balansları və digər real aktivlər tokenizasiya olunarsa, onların hesablaşması üçün yerli stablecoin vacib infrastruktur ola bilər.
Əhmədov əlavə edir ki, düzgün qurulmuş OAZN modeli Azərbaycanı regionda rəqəmsal maliyyə innovasiyası baxımından önə çıxara bilər. Bu model təkcə yerli bazar üçün deyil, gələcəkdə regional ödəniş, remittance və fintech inteqrasiyaları üçün də strateji üstünlük yarada bilər.
Onun fikrincə, əsas məsələ stablecoin-i sadəcə “kripto ilə ödəniş” kimi görməməkdir. Stablecoin yeni maliyyə infrastrukturu ola bilər. Əgər Azərbaycan bu sahəyə vaxtında və düzgün model ilə daxil olsa, bazar parçalanmadan, risklər böyümədən və xarici stablecoin-lər dominant olmadan yerli rəqəmsal maliyyə qatını formalaşdırmaq mümkün ola bilər.


